AzVision.az-ın Analitik Qrupu

Yeni əsrin lahı | LONGRID

// Süni İntellektin inkişafı qanunla nizamlanmasa, böyük problemlər yarada bilər

Bəşəriyyətin Süni İntellektlə çox paradoksal münasibəti var: Bir tərəfdən, hamı ondan danışır, gün ərzində dəfələrlə təmasda olur, həyatımıza təsirlərini müzakirə edir, amma digər tərəfdən, əksəriyyət hələ də nə olduğunu aydın təsəvvür etmir. Bu mənada Süni İntellekti (Sİ) elektrik enerjisilə müqayisə etmək olar: Elektrik də məişətimizə daxil olanda çoxları ona qarşı çıxır, ziyanlı hesab edirdilər. Hazırda həyatımızı elektriksiz təsəvvür etmək mümkün deyil, amma əksəriyyət onun nə olduğunu, necə işlədiyini hələ də bilmir.

Məhz nə olduğu (və nə olmadığı) aydın təsəvvür edilmədiyi üçün Sİ ilə bağlı müzakirələr adətən yanlış istiqamətdə aparılır. Biz hələ də “Sİ təhlükəlidir, yoxsa yox?”, “Sİ dostdur, yoxsa düşmən?” diskursunu davam etdiririk. Halbuki, Sİ ilə bağlı tamam başqa sualları qoymaq və onlara cavab axtarmaq vaxtıdır.

O nə düşün(m)ür?

Düzgün suallar qoyub, doğru cavablar tapmaq üçün əvvəlcə Süni İntellekti ətrafında yaradılmış miflərdən təmizləyərək, realist, praktik yanaşmağı öyrənmək lazımdır. Çünki insanların çoxunun Sİ haqqındakı fikirləri filmlərin, bədii əsərlərin təsirilə formalaşıb. Onlar isə adətən bəşəriyyəti qorxutmağa, apokaliptik mənzərə yaratmağa meyillidirlər. Demək olar, heç bir əsərdə Süni İntellektin köməyilə qurulan gözəl gələcəkdən bəhs olunmur. Ədəbi təfəkkür Süni İntellekti ancaq şər və təhlükə kimi təqdim edən antiutopik mövqedə dayanıb.

Bəzi elm adamlarının və ekspertlərin yanaşması da ədəbi qorxunu möhkəmləndirir. Məsələn, məşhur astrofizik Stiven Houkinq əmin idi ki, Süni İntellekt bəşəriyyətin məhvinə səbəb olacaq. 2023-cü ildə yüksək texnologiyalar dünyasının tanınmış simaları İlon Mask, Stiv Voznyak, Bill Qeyts başda olmaqla 150 şirkətin rəhbərləri, eləcə də 600-dən çox elm adamı dünya ölkələrinin hökumətlərinə və beynəlxalq qurumlara müraciət edərək, Sİ sahəsindəki tədqiqatları dayandırmağa çağırmaqla, qorxunu bir az da gücləndirdilər. Bu müraciət, yumşaq desək, son dərəcə qəribə idi. Niyəsini başa düşmək üçün əvvəlcə Sİ-nin təsnifatına baxmaq lazımdır.

Sİ üzrə mütəxəssis Ümid Süleymanov
“AzVision”a müsahibəsində izah edib ki, Süni İntellekt üç yerə bölünür: Zəif (dar), güclü (geniş) və fövqəl süni intellekt. Zəif (dar) Sİ ayrıca bir sahədə qarşıya qoyulmuş tapşırığı yerinə yetirmək üçündür – məsələn, şahmat oynamaq, şəkil çəkmək, mətn, səs, video generasiya etmək, maşın sürmək kimi. Bu gün əlimizdə olan bütün işlək modellər zəif (dar) süni intellekt nümunələridir. Onlar insan kimi düşünmürlər, sağ qalmaq, insanla rəqabət aparmaq missiyaları yoxdur. Buna görə də avtonom şəkildə bəşəriyyətə heç bir qlobal problem yarada bilməzlər.

Ümid Süleymanov: "Hazırda Süni İntellekt ikinci baharını yaşayır"

Əslində “Süni İntellekt insan kimi düşünmür” demək doğru deyil, çünki o, ümumiyyətlə, düşünmür. “ChatGPT” və onun kimi digər neyroşəbəkələrin bünövrəsində “Böyük Dil Modeli” (Large Language Model) adlanan statistik sistem durur. Bu model nəhəng həcmdə mətnləri emal edərək, hansı kontekstdə hansı sözdən sonra hansının gəlməli olduğunu müəyyənləşdirir. Modelin daxili qiymətləndirmə sistemi uğurlu variantlara yüksək, uğursuz variantlara aşağı reytinq verir. Beləcə, uğurlu cavablar seçilir. Başqa sözlə, LLM - statistik analiz əsasında qurulmuş yaradıcı generasiya alətidir. Məhz buna görə “Süni İntellektin ikinci baharı” deyilən dövr 2010-cu ildə - “Web 2.0” mərhələsindən sonra başladı. Çünki həmin dövrdə artıq istifadəçilər özləri internetdə aktiv şəkildə məzmun yaradırdılar və Sİ-nin emal edə biləcəyi məlumat bazası formalaşmışdı.

Dərinlikdə nə baş verir?

İntellekt ilə şüuru bir-birindən ayırmaq vacibdir. “Mən” hissi və özünüdərk şüura aiddir, intellekt isə sadəcə, alətdir. Məsələ ondadır ki, biz indi ilk dəfədir, şüurdan kənarda intellekt görürük. İnsanın intellektini şüurdan kənar təsəvvür etmək çətin olduğu üçün Süni İntellektlə bağlı qorxuları anlamaq mümkündür – biz elə bilirik ki, qarşı tərəfdə də özümüz kimi şüurlu biri var. Amma belə deyil.

Hazırkı texnologiyalar və ən əsası, metodlar güclü (geniş) Sİ yaratmağa imkan vermir. Qorxulu ssenarilər üçün şərait o zaman yarana bilər ki, texnoloji sinqulyarlıq deyilən an yetişsin, texnologiyalar görünməmiş sıçrayışla inkişaf etsin və proseslər nəzarətdən çıxsın. Hazırda “Süni İntellekt” dediyimiz şey əslində özü öyrənən neyron şəbəkəsidir. Buna “deep learning” deyirlər. İnsan həmin öyrənmə prosesinin necə getdiyinə nəzarət edə bilmir. Əks halda bu, intellekt yox, alqoritm olardı. İntellekt - əvvəlcədən nəzərdə tutulmayan nəticələrə gəlmək, yeni variantlar generasiya etmək deməkdir. İnsan öz beynində gedən proseslərə nəzarət edə bilmədiyi kimi, Sİ-nin necə öyrənməsi və qərarları necə verməsi də bizin üçün “qara qutu”dur.  Amma “yaxşı” Sİ yaratmaq üçün özümüzə nəzarət etməliyik. Çünki Sİ bizim yaratdığımız məlumat bazasının əsasında öyrənir. Məsələn, Sİ-ni irqçiliyi təbliğ edən mətnlərlə yetişdirsək, o, irqçi olacaq.

Gələcəyin yarışı

Bütün hallarda barışmaq və qəbul etmək lazımdır ki, Sİ-nin inkişafı artıq idönməz xarakter alıb. Bundan sonra dövlətlərin gələcəyi birbaşa həmin alətdən necə istifadə etmələrilə müəyyənləşəcək. Əgər 2023-cü ildə dünyada Süni İntellektə qoyulan investisiyaların həcmi 154 milyard dollar idisə, 2026-cı ildə 300 milyard dollara çatacaq. “International Data Corporation” konsaltinq şirkətinin proqnozlarına görə, 2030-cu ildə Sİ dünya iqtisadiyyatına 15 trilyondan çox qazanc gətirəcək. Bu gün Sİ-dən daha çox istifadə edən şirkətlər və dövlətlər sabah daha uğurlu olacaqlar. Dünyada Sİ sahəsində yarış başlayıb və çalışıb bu yarışda uduzmamaq lazımdır. Hər bir xalq özünün tələblərinə uyğun Süni İntellektini, daha dəqiqi, LLM-modellərini yaratmalıdır. Türk dövlət başçılarının 2024-cü ilin iyulunda Şuşa şəhərində keçirilən sammiti zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokyev ortaq türkcədə Böyük Dil Modelinin yaradılmasını tövsiyə etmişdi.

Yüksək texnologiyalar və Süni İntellekt üzrə ekspert Elvin Abbasov AzVision.az-a müsahibəsində deyib ki, hazırda Azərbaycan Süni İntellekt yarışında uduzur. Biz bu sahədə ən yaxşı halda istehlakçıyıq. Özümüzün Sİ modelimiz yoxdur. Səbəblərdən biri odur ki, müxtəlif fondlar ancaq real biznesə pul yatırır, innovativ ideyalara sərmayə qoymaq istəmirlər. Digər tərəfdən, hətta özümüzün Sİ modelimizi yaratsaq belə, Azərbaycan dilində onun inkişaf etməsi üçün müvafiq kontent tapılmayacaq: “Əslində bu gün hər kəs Sİ yarada bilər. İnternetdə neyron şəbəkəsi modelləri artıq açıq mənbələrdə var. Sadəcə, onun öyrənməsi üçün məlumat bazası lazımdır. Azərbaycanda məlumat bazası olmadığından, Sİ modelləri təkmilləşə bilməz. Sİ yaratmaq üçün “Big Data” dediyimiz faydalı kontent olmalıdır. “Vikipedia”da ermənilərin 300 min məqaləsi və 150-200 min arası istifadəçisi var. Azərbaycanca 200 min məqalə və 300 min istifadəçi mövcuddur. Biz xalq kimi faydalı kontent yaratmağa çalışmalıyıq. Bunu heç bir dövlət qurumu etməli deyil. Bəzi məsələlər cəmiyyətin öhdəliyindədir”.

Elvin Abbasov: "Biz Süni İntellekt yarışında uduzuruq"

Amma bütün bunlar heç də o demək deyil ki, Süni İntellektin inkişafı ancaq gözəl gələcək vəd edir və heç bir təhlükə yaratmır. Yaradır, sadəcə, bunlar təqdim olunduğu kimi Qiyamət Günü ssenariləri yox, daha praktik, konkret xarakterli problemlərdir.
Məsələn, dipfeyklərin yayılması, saxta kontent istehsalının xeyli asanlaşması, ictimai fikirlə manipulyasiya imkanlarının artması Süni İntellektin yaratdığı real problemlərin siyahısına daxildir. Sİ ilə sosial şəbəkələrin imkanlarının ziyanlı məqsədlərlə birləşdirilməsi informasiya müharibələrində əsl nüvə silahı effekti yarada bilər.

İnformasiya müharibəsinin yeni silahı

2008-ci ildə Barak Obamanın seçki kampaniyası zamanı ilk dəfə sosial şəbəkələrdən istifadə olunması ilə təbliğat işində yeni mərhələ başladı. Bundan sonra 2012-ci ildə Obamanın komandası seçki tarixində ilk dəfə Süni İntellektin köməyindən faydalandı. Məhz Sİ müəyyən edirdi ki, prezidentliyə namizəd hansı ştatdakı çıxışında hansı məsələləri daha çox qabartmalıdır. Sonradan aparılan qiymətləndirməyə görə, bu taktika Obamaya 10-12% əlavə üstünlük qazandırmışdı.

Donald Trampın ilk seçkidəki qələbəsini təmin edən “Cambridge Analytica” qalmaqalından xəbərdar olmayan yoxdur. Bu şirkət əlli milyona yaxın insanın məlumat bazasını almış, Sİ vasitəsilə analiz edərək onların profillərini hazırlamış və qarşılarına buna uyğun hədəflənmiş siyasi reklamların çıxarılması təmin etmişdi.

Bəzi iddialara görə Britaniyanın Avropa İttifaqından çıxmasını şərtləndirən “Brexit” kampaniyası da məhz “Cambridge Analytica”nın milyonlarla insanın internetdəki davranışlarını təhlil etməsindən sonra başladılmışdı. “Brexit” tərəfdarlarının liderləri Naycel Fərəc ilə Arron Benks “Cambridge Analytica”nın rəhbərliyi ilə sıx əlaqədə olub. Əgər iddialar doğrudursa, “Brexit”i Süni İntellektin geosiyasətə ilk müdaxiləsi də saymaq olar.

İsrailin Qəzza Zolağında apardığı əməliyyat zamanı potensial hədəflərin yerinin müəyyənləşdirilməsində Süni İntellektdən istifadə olunurdu. Sİ onların hərəkət marşrutlarını analiz edərək, hansı binada ola biləcəyini nişan verirdi. “Həmas” rəhbərliyinin qısa vaxtda aradan götürülməsini təmin edən bu taktika Sİ-nin döyüş meydanında ilk tətbiqlərindən sayıla bilər.

İnkişaf etməkdə olan ölkələrin siyasətini analiz etmək üçün Britaniyanın Xarici İşlər Nazirliyi 2019-ci ildən rəsmən Süni İntellektin köməyindən istifadə edir.

2023-cü ilin noyabrın 9-da ABŞ Dövlət Departamenti Süni İntellektdən istifadə ilə bağlı strategiyasını elan etdi.

Süni İntellekt alətləri plüralizmə və demokratiyaya təhlükə yarada bilər

Siyasətdə və diplomatiyada Sİ-nin çox geniş tətbiq sahələri var: Münaqişələrin mümkün ssenarilərini hazırlamaq, seçkilərin nəticələrini proqnozlaşdırmaq, böyük məlumatlar bazasını analiz etmək, müxtəlif ölkələrin ictimai rəyini öyrənmək və təsir etmək, iqtisadi-sosial trendləri müəyyənləşdirmək... Amma əsas tətbiq, əlbəttə, informasiya və təbliğat sahəsindədir.

Oksford Universitetinin araşdırmasına görə, 2020-ci ildə dünyanın ən azı 81 ölkəsində yüksək texnologiyaların köməyilə ictimai rəylə manipulyasiya edilməyə cəhd göstərilmişdi. Bura çat-bot, kontent alqoritmləri, insan səsinin klonlaşdırılması kimi alətlər daxildir. 2024-cü ildə neyroşəbəkələrin sıçrayışlı inkişafı ilə həmin alətlər daha da təkmilləşdi və sıralarına yeniləri əlavə olundu. Orijinaldan fərqlənməyən hiperrealist şəkil, səs, video generasiya etmək heç vaxt indiki qədər asan və əlçatan olmayıb. Üstəlik, Süni İntellekt həmin dipfeyk-kontenti təkcə yaratmır, həm də harada, kimə, necə, nə vaxt göstərməyi hesablayır.  Bütün bunlar elə sürətlə baş verir ki, əks tədbirlər görülənə qədər ağır fəsadlar törədə bilər. Bu isə çox ciddi yeni çağırışlar yaradır.

LLM sistemləri artıq indidən informasiya müharibələrinin əsas vasitəsinə çevrilib. Onlar müxtəlif formalarda, janrlarda nəhəng həcmdə  dezinformasiya generasiya etməyə qadirdirlər. Süni İntellektin yaratdığı ən ciddi və təhlükəli dezinformasiya formalarından biri dipfeyklərdir.

Dərindəki saxtakarlıq

Dipfeyk - orijinaldan praktik olaraq seçilməyən saxta multimeda məhsullarıdır. Dipfeyk vasitəsilə hansısa məşhur şəxsə, siyasətçiyə, dövlət adamına heç vaxt demədiyi sözü “dedirtmək” olar. Nəticədə isə hətta siyasi və hərbi böhran da yaranar. Buna aid misallar az deyil. 2018-ci ilin ortalarında Qabonun prezidenti Ali Bonqo insult keçirəndən sonra bir neçə ay ictimaiyyətin qarşısına çıxmadı. Nəhayət, Yeni İl ərəfəsində onun xalqa müraciəti yayılanda müxalifət videonun dipfeyk olduğunu, Bonqonun əslində öldüyünü bildirdi. 2019-cu ilin yanvarında zabitlər dövlət çevrilişinə cəhd etdilər. Halbuki, Bonqo ölməmişdi, video isə dipfeyk deyildi.

Hindistanda 2024-cü ildə keçirilən parlament seçkisi ərəfəsində dipfeyklərdən geniş istifadə olunmuşdu.

İraqda qadınların siyasətdə iştirakına qarşı olan mühafizəkar şəxs bir xanım namizədin pornoqrafik məzmunlu dipfeyk-videosunu hazırlayıb yaymışdı.

Tezliklə dipfeyk texnologiyası elə bir inkişaf səviyyəsinə çatacaq ki, televizorda çıxış edən şəxsin həqiqi, yoxsa Sİ vasitəsilə yaradılmış virtual nüsxə olduğunu ayırmaq müşkülə çevriləcək.

Bu problemə Azərbaycan Prezidenti İlham Əliyev də münasibət bildirib. Şuşada keçirilən II Qlobal Media Forumunda Süni İntellektlə bağlı suala cavab verərkən dövlət başçısı demişdi ki, mövzu hazırda yeni müstəviyə çıxmaqdadır. Hətta vaxtaşırı onun özünün də dipfeykləri hazırlanır: “Mənim adımdan süni intellektdən istifadə edərək elanlar dərc olunur ki, məsələn, bura pul yatırın, ora pul yatırın... Lakin bu yolla getsələr, fərqli elanlar da olacaq: mənim adımdan bəlkə də müharibə elan edərlər, kimsə buna inana və hansısa tədbirlər həyata keçirə bilər”.

İlham Əliyev: "Nüvə silahına malik ölkələr süni intellekt tərəfindən manipulyasiyaya məruz qala bilərlər".

Dövlət başçısı vurğulamışdı ki, söhbət yalnız Azərbaycandan getmir: “Nüvə silahına malik ölkələr var. Bu ölkələr, eyni zamanda, süni intellekt tərəfindən manipulyasiyaya məruz qala bilərlər. Hətta məişət səviyyəsində insanların münasibətlərinə, ləyaqətinə, nüfuzuna bərpa olunmayan xələl yetirilə bilər. İctimai şəxslərin fərqli feyk video, vizual və audioməlumatlarla yamsılanması gedir. Düşünürəm ki, media ictimaiyyəti siyasətçilərə yol göstərməlidir”.

Qazaxıstanlı politoloq Jaksılık Sabitov “AzVision”a bildirib ki, dövlətlərin özlərini Sİ-nin zərərli təsirindən qorumaları üçün ümumi strategiya vacibdir. Amma hələ ki hökumətlərin "dipfeyk"ə qarşı birgə mübarizəsi istiqamətində tutarlı strategiya müəyyənləşdirilməyib.

Orduya ehtiyac qalmır

Daha bir təhlükə ondan ibarətdir ki, əlində güclü Sİ modulu olan şirkətlər və qruplar (ölkələr) onlayn məkanda özlərinə lazım olan fikri və ideoloji fonu asanlıqla formalaşdıra biləcəklər. Əgər dünənə qədər bunun üçün böyük “troll fabrikləri” tələb olunurdusa, indi Süni İntellekt bütün disputlara rəng verə bilər. Bu isə plüralizmə təhlükədir. “Big Tech” sektoru və onun arxasında dayanan qüvvələr qlobal ictimai fikri yönəltmək imkanı qazanırlar.

Bu sahədəki ən məşhur ekspertlərdən biri, Avropa Kommunikasiya Şəbəkələri Komissiyasının Rəqəmsal Cəmiyyət, Etimad və Təhlükəsizlik üzrə direktoru Pol Timmers yazır ki, böyük texnoloji şirkətlərin geosiyasətə təsir imkanları qazanmaları dövlətlərin suverenliyini sarsıdır: “Etiraf etmək lazım gələcək ki, yüksək texnologiyalara nəzarət imkanını hakimiyyət meyarı kimi qəbul etsək, suverenlik – din və ya incəsənət kimi mübahisəli konsepsiyaya çevrilir”.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də II Qlobal Media Forumunda bu məsələyə toxunaraq bildirmişdi ki, Süni İntellektin imkanlarının sosial şəbəkələrdə tətbiqi nizamlanmayan nəticələrə gətirib çıxara bilər. Buna görə də süni intellektlə bağlı qanunvericilik bazasının işlənib hazırlanması barədə düşünməyin vaxtı çatıb. Bu məsələdə özəl təşəbbüslər olsa da, beynəlxalq səviyyədə ciddi müzakirələr aparılmır.

Ukraynanın informasiya siyasəti nazirinin keçmiş müavini, Postinformasiya Cəmiyyəti İnstitutunun eksperti Dmitri Zolotuxin AzVision.az -a açıqlamasında bildirib ki, hazırda yalnız ABŞ-də Süni İntellektin qanunla tənzimlənməsinə dair müzakirələr gedir. Əgər bu alətdən istifadə lazımınca şəffaf və etik mexanizmə əsaslanarsa, dezinformasiya fenomeninin özü aradan qalxar. Amma Süni İntellektdən daha çox zərərli məqsədlər üçün istifadə olunur. Həmin zərərli fəaliyyət isə əsasən sosial şəbəkədə həyata keçirilir.

Kibermüharibənin yeni silahı

Hazırda Sİ-lər kompüter proqramı yaza bilən səviyyəyə çatıblar. Bu isə kibertəhlükəsizliklə bağlı yeni ciddi suallar doğurur. Çünki Sİ modellərinin köməyilə asanlıqla yeni viruslar yaratmaq, böyük dos-hücumlar təşkil etmək olar, bu isə ölkələrin kibertəhlükəsizliyinə yeni ciddi hədələr formalaşdırır.

İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Oqtay Ələkbərov AzVision.az-a müsahibəsində ölkəmizə xeyli kiberhücumların olduğunu deyib. Bu müstəvidə çətinlik həm də kiberməkanın daimi inkişafı və yenilənməsi ilə bağlıdır: “Məsələn, biz bu gün X hücumu dəf etməyə hazırlaşırıq, sabah isə bu təhlükə artıq 2X şəklini alır. Texnologiyaların inkişafı kiberhücumların günbəgün artmasını və daha da mürəkkəbləşməsini şərtləndirir. Hücumların haradan gəldiyini bilmək olmur". 

Oqtay Ələkbərov: "Süni İntellektin vasitəsilə kütlələr asanlıqla aldadıla bilərlər"

Hansısa bir dövlət qurumunun məlumat bazasına edilən kiberhücum adi müharibədəkindən daha böyük ziyan vura bilər. Ona görə də, kiberhücumların dəf edilməsi üçün peşəkar mütəxəssislər yetişdirilməlidir.
Ekspertin sözlərinə görə, praktika göstərir ki, kibertəhlükəsizliklə birgə mübarizə daha effektlidir. Amma burada etimad problemi var: ölkələr “nə vaxtsa özümə qarşı işlədilə bilər” prinsipindən yanaşaraq, təcrübələrini bölüşmək istəmirlər.

İT və kibertəhlükəsizlik sahəsində beynəlxalq mütəxəssis, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (ESCAP) üzvü Arman Abdrasilov “AzVision” ilə söhbətində vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin "dipfeyk"lə mübarizə çərçivəsində vahid standartlar hazırlaması zərurəti yaranıb.

Texnoqütbləşmə

Süni İntellekt kimi yüksək texnologiyaların bir neçə əldə cəmləşməsi dünyada həm güc balansını dəyişəcək, həm də iqtisadi və sosial qeyri-bərabərliyi artıracaq. Çünki bu sahədə qabağa çıxan ölkələr elmi-texniki istiqamətdə Sİ-nin sayəsində güclü impuls əldə edəcəklər. Bu isə tezliklə özünü iqtisadi-sosial sferalarda da göstərəcək. Süni İntellektə çıxış imkanları yeni elitalar formalaşdıracaq, nəticədə oturuşmuş ictimai-siyasi oyun qaydalarını sarsıda bilər.

XX əsrdə dünyada böyük dövlətlərin arasında silahlanma yarışı getdiyi kimi, indi də Süni İntellekt yarışı gedir. 2021-ci ildə ABŞ-nin Süni İntellekt Üzrə Milli Təhlükəsizlik Komissiyası dərc etdiyi hesabatda bildirirdi ki, Çinin onları qabaqlamasına imkan verməmək üçün bu sahədə müttəfiqlərlə gücləri birləşdirmək lazımdır. Çinin özü isə Qərbin Sİ müdaxiləsindən qorunmaq üçün “qızıl qalxan” adlanan sistem yaradıb.

Rusiya prezidenti Vladimir Putin açıq bildirmişdi ki, “ötən əsrin 50-ci illərində SSRİ-nin nüvə və raket layihələri nə qədər önəmli idisə, indi də Rusiya üçün Süni İntellekti inkişaf etdirmək o qədər əhəmiyyətlidir”.

Nəticədə paradoksal vəziyyət alınır: Bir tərəfdən Süni İntellektin doğura biləcəyi təhlükələrin qarşısını almaq üçün dünya ölkələrinin səylərini birləşdirmələri lazımdır. Digər tərəfdən isə, onlar vaxtilə nüvə texnologiyasını məxfi saxladıqları kimi, indi də Sİ sahəsindəki yenilikləri bölüşməyə həvəsli deyillər.

Bu il martın 21-də BMT-nin Baş Məclisində Sİ-nin nizamlanması ilə bağlı sənədin qəbulu tarixi hadisə idi. ABŞ-nin təşəbbüsü ilə 123 dövlət tərəfindən hazırlanan “Dayanıqlı inkişaf üçün Təhlükəsiz və Etibarlı Süni İntellekt Sistemlərinin imkanlarından İstifadə” adlı bəyanat Sİ-nin tətbiqinin Beynəlxalq Hüquqla Nizamlanmasını nəzərdə tuturdu. Sənəddə vurğulanırdı ki, müvafiq təhlükəsizlik tədbirləri olmadan və beynəlxalq hüququn normaları gözlənilmədən Sİ-dən istifadə kifayət qədər ciddi risklər yaradır. Bu cür davranışlar ölkələr arasındakı texnoloji uçurumu dərinləşdirə,  qərəzi və diskriminasiyanı çoxalda, informasiyaya çıxış imkanlarını məhdudlaşdıra, insan hüquq və azadlıqlarına xələl gətirə bilər.

Avropa İttifaqı Süni İntellektdən istifadənin qanunla nizamlandığı ilk zona sayıla bilər

Avropa Parlamentinin martın 13-də qəbul etdiyi qanunda Sİ iki yerə bölünür: “Qadağan olunmuş” və “Yüksək riskli”. İnsanın emosiyalarını müəyyən etməyi və manipulyasiyalar həyata keçirməyi bacaran Sİ “qadağan olunmuş” kateqoriyasına aid edilir, çünki onların köməyilə insan azadlıqları məhdudlaşdırıla bilər. “Yüksək riskli” texnologiyalara gəlincə, qanuna görə Sİ-nin vasitəsilə hazırlanan bütün foto və videoların üzərində uyğun qeyd olmalıdır.
Beləliklə, Avropa İttifaqı Süni İntellektdən istifadənin qanunla nizamlandığı ilk zona sayıla bilər. Halbuki, Sİ yarışında Avropa İttifaqı liderlərdən deyil.  Lider ölkələr hələ ki uyğun qanunların qəbuluna tələsmirlər. Çünki Avropa İttifaqının təcrübəsi göstərdi ki, bu cür addımlar Sİ sferasına investisiya axınını azaldır. Yarışan ölkələr isə bunda maraqlı deyillər.

Nəticə

Süni İntellektin inkişafına mane olmaq heç bir halda lazım deyil. Əslində heç mümkün də deyil. Sİ-ni əngəlləyən ölkə və xalqlar öz inkişaflarını əngəlləmiş olacaqlar. Əksinə, bu yarışda qabağa çıxmaq üçün çalışmaq, özünün milli LLM-modellərini inkişaf etdirmək vacibdir. Yaxın gələcəkdə Sİ sistemləri ölkələrin inkişafına böyük impuls verən amilə çevriləcək. Amma bu Sİ-lahlanma yarışının beynəlxalq norma və mexanizmlərlə nizamlanması da vacibdir. Azərbaycan prezidenti İlham Əliyevin dediyi  kimi, Sİ-nin vura biləcəyi ziyanları məhdudlaşdırmaq üçün siyasətçilər çox ciddi qərarlar qəbul etməlidirlər: “Beynəlxalq səviyyədə belə bir mexanizm işlənib hazırlana bilər. Bu, heç bir halda söz azadlığının məhdudlaşdırılması kimi qəbul olunmayacaq. BMT səviyyəsində, yaxud, “Böyük 20”lik tərəfindən təşəbbüslər irəli sürülə bilər”.

Əgər bunu bacaracaqsa, bəşəriyyət Süni İntellektin köməyilə problemlərini həll edə və inkişafını sürətləndirə biləcək. Əks halda elə bir əlavə problem qazanacaq ki, nüvə və iqlim böhranı bununla müqayisədə uşaq oyunu kimi görünə bilər.

  02 Dekabr 2024    Oxunub: 1434    Oxunma vaxtı: 25 dəq.

25 dəq.